Бронирование

Номеров

Qalaalti Hotel&Spa Tibb Mərkəzinin həkimi Namiq Qurbanovun “Uroloji xəstəliklərin müalicə və profilaktikasında Qalaaltı suyunun rolu” hazırladığı məqaləsi.

Qalaalti Hotel&Spa Tibb Mərkəzinin həkimi Namiq Qurbanovun “Uroloji xəstəliklərin müalicə və profilaktikasında Qalaaltı suyunun rolu” hazırladığı məqaləsi.

Uroloji xəstəliklərin müalicə və profilaktikasında Qalaaltı suyunun rolu. (ədəbiyyat icmalı)
Hələ Sovet Azərbaycanında Qalaaltı unikal suyunun təsirinə görə əsasən uroloji sanatoriya sayılırdı. Az minerallaşmış Qalaltı suyu kalsium-maqnezium-hidrokarbonat-sulfatlı su olub tərkibindəki üzvü maddələrinin təsirinə görə böyrək və sidik çıxarıcı yolların xəstəliklərinin müalicəsində həmişə geniş istifadə edilmişdir. Qalaaltı suyu tərkibinə görə Truskavetsdə olan “Naftusya” suyuna yaxın olsa da müəyyən fərqləri də var. Əsas təsiredici vasitə olan üzvü maddələrin qatılığı “Naftusya“da 4-10 mq/l, Qalaaltı suyunda isə 5-10 mq/l arasında dəyişir. Tərkibində üzvü maddələrin miqdarının 20 mq/l-dən az olan müalicəvi suların daha fizioloji olub, böyrək və qaraciyər funksiyalarına müsbət təsir göstərdiyi məlumdur. Üzvü tərkibinə görə Qalaaltı suyu içərisində kifayət qədər naften turşuları olan bitumlu sudur. Bunlarla yanaşı asan və çətin uçucu fenollar, humin maddələri, yağ turşuları, qətranlar kimi maddələr də bu suyun özünə məxsus üzvü tərkibini müəyyən edir. “Qalaaltı” suyunun həmçinin spesifik mikroflorasının olduğu məlumdur.


1969-cu ildə “Qalaaltı” suyunun müalicəvi təsirini öyrənən ekspedisiyanın urologiya sahəsindəki elmi-tədqiqat isləri mərhum akademik M.C.Cavadzadənin ümumi rəhbərliyi altında aparılmışdır. Bu işlərə təxminən 600-dən çox böyrək və sidik yolları patologiyası olan şəxslər, həmçinin qaraciyər və öd yollarının xəstəlikləri və qastiritin müxtəlif formalarıından əziyyət çəkən şəxslər cəlb edilmişdilər. Tədqiqatlar zamanı uroloji xəstələrə yeməkdən təxminən bir saat əvvəl gündə 3-4 dəfə 250 ml miqdarında Qalaaltı suyunun isti şəkildə içilməsi və həmin su ilə 37-38 °C temperaturda 10 dəqiqə davam edən vanna qəbul edilməsi müalicə metodu kimi istifadə olunurdu . Müalicə sanatoriyada 24 gün müddətində aparılırdı və bu müddətdə 10-12 vanna qəbul olunurdu. Sidik çıxarıcı yolların bəzi patologiylarında Qalaaltı suyunun müalicəvi effktini öyrənən E.Z.Kurmakayeva bel nahiyyəsində kəskin ağrılardan, tez-tez və çətinləşmiş, bəzən isə ağrılı sidik buraxmadan şikayətlənən 25 xəstədən 19 nəfərində ağrıların müalicənin təsiri ilə tamamilə kəsildiyini qeyd edir. Müalicənin birinci həftəsinin sonunda sidikburaxmada olan ağrı yox olmuş, diurez artmış, sidikburaxma daha sərbəst olmuşdur. Sidik sedimentinin mikroskopiyasında epitel hüceyrələri olan 25 xəstədən 5 nəfərdə bu hüceyrələr yox olmuş, 20 nəfərdə isə kəskin azalmışdır.Sidiyin tərkibində olan zulalın miqdarı müalicədən sonra azalmışdır. Kalsium oksalat, sidik turşusu, tripelfosfat kristallarının sidiklə ifrazı artıq müalcənin ortasında əksər xəstələrdə azalmış və bu tendensiya müalicənin sonuna qədər davam etmişdir. Bəzi xəstələrin sidiyində, əksinə ifraz olunan kristalların miqdarı artmış, 46 xəstədən altısında isə müalicənin sonuna qədər davam etmişdir.Tədqiqatçı bu hadisəni orqanizmidə olan maddələrin yuyulması kimi izah etmişdir. Aparılmış Zimnitski sınağı pozulmamış böyrək funksiyası olan xəstələrdə Qalaaltı suyunun daha effektli olduğunu göstərmişdir.Tibb elimləri namizədi A.A.Nəzərov və S.Q.Məmmədov müəyiyən etmişlər ki, Qalaaltı suyunun qəbulu eyni miqdarda adi içməli suyun qəbuluna nisbətən sutkalıq diurezi təxminən 25-30% daha çox artırır. Qalaltı suyunun məhz diurezi və bəzi hallarda kristaluriyanı artırması yeni daş yaranmasının qarşısını almaqda böyük rol oynayır. Belə ki , bu gün belə litogenezin ilkin mərhələsində hələ xırda ölçülü kristalların , kiçik daşların niyə xaric olmayıb böyük daşlar yaranmasına təkan verdiyi tam aydın deyil . Bu mərhələdə həmin daş yaranma mərkəzlərinin xaric olmasını törətməklə Qalaltı suyu litogenezi azalda bilir. Digər tərəfdən əksər xəstələrdə kristaluriyanın azalması Qalaaltı suyunun təsiri ilə diurezin artması ilə yanaşı sidiyin tərkibində kristal yaranmasının inhibitorlarını artırmaq kimi təsir göstərə bildiyini güman etməyə imkan verir. Bu ehtimalın araşdırılması Qalaaltı suyunun müalicəvi təsirinin tədqiqatının gələcək istiqamətlərindən biri ola bilər.
Litogenezdə rol oynayan kristalların əksəriyyətinin müəyyən sidik pH-da çökməsi dayanır və hətta əmələ gəlmiş kristallar həll ola bilir. Sidiyi qələviləşdirməklə urat daşlarını tamamilə həll edilməsi qəbul olunmuş praktikadır. Qalaaltı suyunun sidik pH-na təsirini öyrənən T.e.n. Ə.Ə.Nəzərov və S.Q.Məmmədov gündə 3 dəfə 300ml Qalaaltı suyu qəbul edən şəxslərdə müalicənin 5 -ci günündə sidik pH-nın 0.2-0.4 ,müalicənin sonunda isə alkaloza doğru 0.4-0.6 artdığını müəyyən etmişlər.Sidik pH-nın bu cür dəyişməsi də litogenezin profilaktikasının bir mexanizmi kimi qəbul edilə bilər. Hal hazırda Qalaltı suyunun yuxarıda qeyd edilən xüsusiyyətləri onun sidik daşlarının yayılmış olan residivinin qarşısını almaqda istifadəsini məqsədəuyğun edir.

Nefrolitiazlarda, xüsusən sidik axarları daşlarında mineral sularla sanator kurort müalicəsinin böyük rolu var. Akademik M.C.Cavadzadə 4-7 mm ölçülü sidik axarı daşlarında sanator -kurort müalicəsini məsləhət görmüşdür. Plastunovun verdiyi məlumata görə Truskovets kurortunda sidik axarı daşlarının təxminən 15% - i xaric olur. Müalicə, daşların aşağı və orta 1\3 də yerləşdiyi halda daha qənaətbəxş nəticələr verir. V.M.Süleymanov sidik axarı daşı olan 67 xəstənin yuxarıda qeyd olunan üsulla Qalaaltı suyu ilə müalicəsinin təhlili nəticəsində onlardan 30 nəfərində elə sanatoriyada daşların xaric olduğunu qeyd etmişdir. 7 nəfər xəstədə isə kurort müalicəsindən iki aya qədər müddətdə daşların düşdüyü qeyd edilib. Sidik axarlarının aşağı 1\3 nin daşlarının 59.9 % -i ,orta 1\3 daşlarının 41.1 %-i düşdüyü halda yuxarı 1\3 daşlarının cəmi 25% -i xaric olmuşdur. Bununla yanaşı sidik analizlərinin digər parametrləri - piuriya,mikrohematuriya və albuminuriya xəstələrin çoxunda itmiş, digərlərində isə azalma göstərmişdir. Qalaaltı suyunun bu xüsusiyyəti onu sidik daşı xəstəliyində, xüsusən də sidik axarı daşlarında uğurla tətbiq etməyə imkan verir. Amma bu həm də Qalaaltı suyunun tibbi təyinatsız istifadəsinin sidik axarının blokadası və nəticədə böyrək parenximasının sıradan çıxması kimi bir ağırlaşma törədə biləcəyini də nəzərə almağı tələb edir.
Yuxarıda qeyd edilənlərlə bərabər R.N.Ağayeva sidik çıxarıcı yolların patalogiyası olan Qalaaltı suyu ilə müalicə olunan xəstələrdə qanda albuminin artmasını ,sidik cövhərinin isə azalmasını, əksinə sidiklə sidik cövhərinin ifrazının artdığını müəyyən etmişdir. S.S.Balacayev, D.M.Rzaquliyeva , İ.M.Məmmədov və A.Q.Şamxallı heyvanlar üzərində Qalaaltı suyunun böyrəklərin konsentrasiyaedici və ifrazedici qabiliyyətlərinə təsirini öyrənmək məqsədilə apardıqları eksprimental tədqiqat vasitəsilə bir çox maraqlı nəticələrə gəlmişlər. Müəliflər Qalaaltı suyu verilən heyvanlarda ümümi diurezin, sutkalıq sidiyin tərkibindəki azotun və sidik cövhərinin artması ilə yanaşı kreatininin də ifrazının artdığını və bunun qanda kreatininin miqdarının azalma tendensiyası ilə müşayət olunduğunu qeyd etmişlər. Qalaaltı suyunun qəbulunun erkən günlərində xloridlərin miqdarının artmağa tendensiyası olsa da eksprimentin sonunda azaldığını bildirmişlər. Eksperiment dövründə sidikdə olan kalsiumun miqdarı əhəmiyyətli dərəcədə dəyişməmişdir.
Son vaxtlar Qalaaltı Tibb Mərkəzində ağrılı sidik kisəsi\interstisial sistit diaqnozlu xəstələrin Qalaltı suyunu digər yanaşı xəstəliklərinin müalicəsi məqsədilə qəbul etdikləri halda sidik kisəsi nahiyyəsində ağrılırın azaldığını, bəzilərində isə tam yox olduğunu, həyat keyfiyyətinin yaxşılaşdığnı qeyd etmələri, bu gün belə çox çətin müalicə olunan bu patalogiyada şəfalı Qalaaltı suyunun istifadəsinin öyrənilməsini aktual edir.
Qalaaltı suyunun müalicəvi təsirinin daha geniş öyrənilməsi yüzlərlə xəstələrə kömək etməklə Respublikamızın tibbi turizm sahəsindəki inkişafına da böyük töhvəsini verə bilər.

Müəllif : Namiq Qurbanov
İstifadə olunan ədəbiyyat:
- Э. З. Курмакаева «Эффективность лечения некоторых заболеваний мочевыводящих путей на курорте «Кала-алты» стр.101 - 103 в сборнике трудов «Курорт Кала-алты» , издательство НИИ курортологии и физических методов лечения им. С. М. Кирова, Баку, 1975
- В. М. Сулейманов «Лечебное действие минеральой воды «Кала-алты» на больных с камнями в мочеточнике» стр.103 - 105 в сборнике трудов «Курорт Кала-алты» , издательство НИИ курортологии и физических методов лечения им. С. М. Кирова, Баку, 1975
- К.м.н. А. А. Назаров , С. Г. Мамедов «Влияние минеральной воды «Кала-алты» на диурез и рН мочи у больных мочекислым диатезом и рефроуретеролитиазом. стр.106 - 107 в сборнике трудов «Курорт Кала-алты» , издательство НИИ курортологии и физических методов лечения им. С. М. Кирова, Баку, 1975
- В. М. Сулейманов «Эффективность применения минеральой воды «Кала-алты» при мочекаменной болезни и мочевых диатезах.» стр.105 -106 в сборнике трудов «Курорт Кала-алты» издательство НИИ курортологии и физических методов лечения им. С. М. Кирова, Баку, 1975
- С. С. Баладжанов , Д. М. Рзакулиев , И. М. Мамедов , А. Г. Шамхаллы «Действие минеральой воды «Кала-алты» на выделительную и концентрационную способность почек» стр.112 - 115 в сборнике трудов «Курорт Кала-алты» , издательство НИИ курортологии и физических методов лечения им. С. М. Кирова, Баку, 1975
- Jack W. McAninch , Tom F. Lue “Smith & Tangho’s General Urology “ 19th Edition, McGraw Hill
- M. C. Cavadzadə, K. A. İsmayılov “Urologiya” , Maarif, Bakı, 1974